-cu il"Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı"     Heydər Əliyev   

Məqalələr
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər





60 il əvvələ açılan pəncərələr
1945-ci il aprelin sonu-mayın əvvəllərində Avropada qarşıdakı yarım əsr üçün dünyanın taleyini və siyasi xəritəsini müəyyənləşdirən nəhəng hadisələr cərəyan edirdi. Hər tərəfdən başına od ələnən Almaniyanın beyni, Berlinin ürəyi Reyxstaqın, aramsız partlayan mərmilərdən qorxunc xarabalığa çevrilən, binasının uçuq damına rus Yeqorov və gürcü Kantariya (Sovet rəhbərliyi burada da xalqlar dostluğu prinsipini gözləmişdi və üstəlik, Kantariya "Xalqlar atası"nın soydaşı idi) həm də oraq-çəkicli, qan rəngli Sovet bayrağını düz 60 il öncə sancıblar. Söz yox ki, İkinci Dünya Müharibəsi adlanan dəhşətli kabus o bayrağın həmin damda göründüyü elə ilk saniyələrdə də, ondan çox sonra da insanları udmağında olub. Və yəqin ki, ən acı, ən göynərtili ölüm də elə müharibənin son günlərində, axırıncı saatlarında və dəqiqələrində həlak olanların payına düşəndir. Döyüşə-döyüşə yüzlərlə kilometr yol keçəsən, böyür-başında onlarla bomba partlaya, qulağının dibindən minlərlə güllə uçub-gedə, yenə də sağ qalasan... Amma axıra lap azca qalmış qəfil bir güllə səni götürüb apara, bu həngamənin sonunun necə, nə ilə qurtardığını, ümumiyyətlə qurtarıb-qurtarmadığını görə bilməyəsən. Məşhur "Əsgər atası" filmində oğlunun dalınca kənddən tərpənib, minbir müsibətlə Berlinə qədər gedib çıxan qoca Maxaraşvilinin ciyərparası da elə davanın axır saatlarında, dözülməz dərəcədə namərd bir təsadüfün qurbanı olur. Övladının başı üzərində karıxmış halda dayanıb, fələyin əməlindən matı-qutu quruyan Maxaraşvilinin (Serqo Zakariadze) ağzından, təbii ki, cavabsız qalacaq, bir sual çıxır: "Ay oğul, bəs, mən sənin anana nə deyəcəm?.."
Reyxstaqın damına Sovet bayrağı sancılandan təxminən 4 il əvvəl yüzminlərlə azərbaycanlı balasını müharibə cəbhələrinə daşımağa başlayan "polturka"lar, eşalonlar buradan apardıqlarının ancaq yarısını geriyə gətirdi. Od-alovun içindən salamat qurtarıb gələn, vaxtsız qocalmış azərbaycanlı balalarının hardasa yük maşınlarından, vaqonlardan tökülüşüb, kənd-kəsəyə, ev-eşiyə qayıtması təkcə şadlıq doğurmayıb, nisgilli təəssüratlara, ağrılı xatirələrə də yol açıb. O qayıdışın şahidləri bizə danışıblar, özləri də bilmədən yaddaşımıza hopdurublar həmin təəssüratları. Məsələn, deyiblər ki, müharibədən dönən atası, əmisi kənd yollarında, doqqazda görünəndə: "Atam gəldi!", "Əmim gəldi!", - çığıran, gələnlərin qabağına yüyürən yaşıdlarının sevincinə atasının, əmisinin davadan heç vaxt qayıtmayacağını ondan-bundan eşidən uşaqlar: "Gəldilər, gəldilər!", - qışqırmaqla qoşulurmuşlar. Uşaq hər gördüyündən pay umandır, axı...
İnsan tarixi təftiş eləməkdən çox xoşlanır və bəlkə də indiyədək onun bundan üstün əyləncəsi olmayıb. Bu təftişin sayəsində adam iştirakçısı, şahidi olmadığı fövqəladə hadisələri, keçmişin üstün şəxsiyyətlərini öz səviyyəsinə endirə, adiləşdirə, hətta, ürəyi bir az da artığını istəyəndə, biədəb, gülünc hala sala bilir. Təki olub-keçənlərin miqyası və əhəmiyyəti kiçilsin, arxada qalan hər şey cılızlaşsın, ikrah doğursun. Sözsüz ki, heç bir ölçüyə sığmayan təhriflər bu məqamda böyük rol oynayır, onsuz keçinmək mümkün deyil. Günümüzün xırda, eybəcər, mahiyyəti qaranlıq məhəlli münaqişələrindən fərqli olaraq, İkinci Dünya Müharibəsi, sözün açığı, heyrət, pərəstiş doğuracaq qədər möhtəşəm savaş kimi tarixə düşüb. Maddi və mənəvi, hərbi və siyasi baxımdan, o dava bəşəriyyət üçün ən ali imtahan idi və həmin sınaqdan kişi kimi çıxa bilməməsinin, yaşamaq uğrunda mübarizədə çox sayda dolayı, əclaf yollara əl atmağa məcbur olmasının acığını bəşəriyyət hələ də İkinci Dünya Müharibəsindən çıxmaqdadır. O dövrün liderlərinin, strateqlərinin indi gülüş hədəfi kimi qələmə verilməsinə, əsgərdən generala qədər, bütün savaş adamlarının məsxərəyə qoyulmasına, hər şeyin baş-ayaq göstərilməsinə yönələn bütün rəzil təhriflər ilk növbədə həmin acıqdan, hirs-hikkədən qaynaqlanır. Ölümdən yazmağın, danışmağın total vərdişə çevrildiyi, amma heç kəsin, Nəsimi demişkən, barmağının bir balaca çərtilməsinə də dözmədiyi indiki əllamə dövrün adamları qəhrəmanlıq, dözüm, iradə, insansevərlik anlayışlarını "bir sinif kimi" ləğvi üçün dəridən-qabıqdan çıxır. Kobud təhriflər üzərində qurulan bu iyrənc təbliğat qəzetdə, kitabda, televiziyada, teatrda, kinoda, insan şüuruna təsir göstərə biləcək bütün vasitələrlə aparılır. Bu gün bizdə olmayanların dünən də kimsədə tapılmadığını "sübuta yetirmək" üçün nələr eləmirik, bir Allah bilir. Amma elə məsələlər var, əksəriyyətimizi onların üstündən keçməyə sanki görünməz bir əl məcbur edir, o məqamlar barədə səsimizi çıxarmağa cürətimiz çatmır. Siyasi xəttinin təməlində alman millətini sıxıntılardan qurtarmaq, Almaniyanı güclü dövlətə çevirmək dayanan Hitlerin, ən idbar cəhətləri də qüdrət və əzəmət mənbəyi kimi mənalandırılan Stalindən daha şərəfli, daha ali şəxsiyyət olduğunu açıqca söyləmək, yazmaq indi elə böyük cəsarət istəmir. Bunu demək və qələmə almaq isə, insaf xatirinə, ədalət naminə, lazımdır. Çünki o lənətə gəlmiş müharibənin başlanmasında, alovlanıb dünyanı bürüməsində sonradan onun ən böyük qurbanlarına çevrilənlər, yaxud baş verənləri qıraqdan hərisliklə izləyənlər, o cümlədən Avropanı öz "həbsxanasına" qatmaq niyyətinə alman fürerindən də əvvəl düşən Stalin Hitlerdən daha artıq günahkardır. Bunu anlamaq xüsusən indi - həmin dövrə və hadisələrə aid bütün sənədlərin açılıb ortaya töküldüyü bir zamanda çox asandır. Hitlerin birbaşa, yaxud dolayı fitvalarıyla törədilən kütləvi qırğın və talanlara haqq qazandırmaq sağlam düşüncə sahibi olan bir kimsənin ağlına gəlməz. Ancaq onun əməllərindən daha müdhiş hoqqaların "müəlliflik hüququ"nun əbədi olaraq İosif Stalinə məxsusluğunu da heç kəs inkar edə bilməz. Nasist liderinin bütün Avropanı, sonra da Asiyanın böyük bir hissəsini tutub oturandan sonra neyləyəcəyini bilən olmadı, çünki belə bir hal ümumiyyətlə baş vermədi. Stalinin müharibədən əvvəl başladığı fəlakətli oyunların savaş bitəndən sonra daha neçə xalqın, daha neçə milyon insanın başına gətirdiyi sirr deyil. Xilasına çalışdığı alman millətilə birgə bütün insanlığı düçar elədiyi faciənin ağzına sonda öz miskin varlığını atdığına görə də Hitleri Stalindən üstün tutmaq olar. Təbii ki, "ilanın ağına da lənət, qarasına da" deyimini unutmamaq şərtilə.
Bütün bunların İkinci Dünya Müharibəsi cəbhələrində yalnız öz canı və qanı bahasına vuruşmağa məhkum edilən Məmmədə, İvana, Simona, Qurgenə, Zuraba, Hansa, Cona, Mişelə o qədər də dəxli yoxdur. Onlardan bəziləri bu gün fərqli "status"dadır: əvvəllər "xilaskar" adlandırılanlara indi "işğalçı" deyirlər və əksinə. Mənim babam - cavan ömrü davanın başlamasıyla alt-üst olan, 63 il əvvəl çıxdığı evinə bir də heç vaxt qayıtmayan Hüseyn Adıgözəl oğlu da o müharibəylə bağlı hər cür təhrifin, uydurmanın fövqündə dayanır. "Geyinif-kejinif qapıdan çıxanda bir xeylax Meytiyə baxdı, onda qağanızın dörd-beş yaşı olardı, qayıtdı ki, qoyma bunu döysünlər, özün də vurma..." 63 ilin o tayından, babamı biryolluq itirdiyi gündən nənəmin yaddaşına boylanan ən parlaq və ən sızıltılı xatirə budur. Özünün dediyinə görə, nənəm babamın gethagetdə söylədiyi cümlənin əsas məğzini bir qədər sonra anlayıb, amma həmin kəlmələr, onda hələ qızlıq təravəti yanağından çəkilməyən, cavan gəlinin ömrünün yeganə məqsədinə çevrilib, həyatı "Hüseynin yediyarının" - mənim atamın varlığı üzərində qurulub. Belə acı taleyi o müharibə yüzminlərlə insana dadızdırıb.
Bu yaz günlərində dünyanın hər yerində evlərin pəncərələrini bahar havasına açırlar. 60 il əvvəl bitən müharibənin ağırlığını öz çiyinlərində daşımış hər kəsin, cəbhələrdən qayıtmayan Məmmədin, İvanın, Simonun, Qurgenin, Zurabın, Hansın, Conun, Mişelin və mənim babam Hüseynin övladlarının evlərinə isə sərin yaz mehiylə birgə, həm də QƏLƏBƏ HAVASI dolur. Çünki bu evlərin pəncərələri həm də 60 il əvvələ açılır.
Düz 60 il əvvəl Yer üzündə işıq zülmətə, xeyir şərə, lap bircə günlüyə də olsa, qalib gəlib. Və o günü hər zaman xatırlamağa ehtiyac var...

Seyfəddin HÜSEYNLİ
Mənbə: "525-ci qəzet"

© 2005-2010. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi.

Rambler's Top100 Site Meter