-cu il"Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı"     Heydər Əliyev   

Məqalələr
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər





Mən Qələbə gününü səbirsizliklə gözləyirəm
Alman faşistlərinin Sovet İttifaqına hücumunun ilk günlərindən qızlar və qadınlar da müharibə ilə üz-üzə durdular. Onlar ölüm təhlükəsindən çəkinmədən kişilərlə birlikdə düşmənlə vuruşmağa başladılar. Belə cəsur qızlarımızdan biri də Dürrə Məmmədova idi. 1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirən D.Məmmədova doğma şəhəri Şəkidə 85 saylı aptekə müdir təyin olunur.

1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlayanda 17 yaşlı gənc ilk könüllülər sırasında cəbhəyə yollanır. O, müharibənin ən qaynar nöqtəsində əsl kişilik, cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını ölümün pəncəsindən xilas edir, döyüşün ən qaynar nöqtələrindən yaralıları çıxararaq onlara tibbi yardım göstərirdi.
Müharibənin ilk günlərində Qara dəniz Donanmasındakı 227 saylı ekspedisiya şöbəsinin sanitar anbarına rəis təyin olunan bu cəsur qız qorxu bilmədən, təhlükəyə sinə gərərək mərdliklə, cəsarətlə hərbi gəmilərdəki və hərbi hissələrdəki döyüşçüləri tibbi komplektlərlə və kimyəvi silah əleyhinə bağlamalarla təmin etmişdir. O qarşıya qoyulan vəzifəni yerinə yetirməklə yanaşı, komsomol komitəsinin katibi kimi də çalışmışdır. Alman-faşist işğalçıları ilə mübarizədə göstərdiyi nümunəvi xidmətlərinə görə, cəsarət, mərdlik və mətanətini, yüksək əmək fəaliyyətini, ictimai işini nəzərə alan 45 saylı Hərbi-Dəniz Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Parfençik və Qafqaz müdafiə rayonunun komandanı, kontr -admiral Markov D.Məmmədovanı Qırmızı ulduz ordeni ilə təltif etmişdir.
Dəfələrlə ölümlə üz-üzə dayanan Vətən qızının işlədiyi sanitar anbarının qapısı yaxınlığına 1000 kiloqramlıq bir mərmi düşür və xoşbəxt təsadüf nəticəsində partlamır, lakin dağılan qapı-pəncərələrin təsiri altında işçiləri, o cümlədən Dürrə xanımı müxtəlif istiqamətlərə atır.
D.Məmmədova hərbi xidmətini 1948-ci ilədək Hərbi Dəniz Donanmasının hospitalında davam etdirir. Silahlı Qüvvələr sırasından tərxis olunandan sonra o, təhsilini təkmilləşdirmək üçün Leninqrad şəhərində qalır. Həyat yoldaşının xidməti işi ilə əlaqədar 1951-ci ildən 1961-ci ilədək Primorsk vilayətində və Çin Xalq Respublikasının Port-Artur şəhərində çalışmışdır.
1961-ci ildə Bakıya qayıdan Dürrə xanım 329 saylı aptekdə 40 ildən çox reseptçi-nəzarətçi vəzifəsində işləmişdir. Cəbhə bölgəsində göstərdiyi rəşadətə görə onun sinəsini müxtəlif orden və medallar bəzəyir.
Arxa cəbhədə fəaliyyətini davam etdirən müharibə veteranı 18 il ərzində Bakı şəhəri Xalq Deputatları Sovetinin deputatı, iki dəfə Sovet Müharibə Veteranları Komitəsinin plenumuna üzv olub. 1995-2000-ci illərdə Moskvada Qızıl Meydanda keçirilən Qələbə Paradlarında iştirak edib. Azərbaycan qadınlarının I Qurultayının, dünya azərbaycanlılarının Bakıda keçirilən qurultayının nümayəndəsi olub. 40 ildən artıqdır ki, Bakı şəhəri Müharibə Veteranları Komitəsinin sədr müavini, Azərbaycan Respublikası Müharibə Veteranları Şurası Rəyasət Heyətinin üzvüdür. O tez-tez respublikanın müxtəlif bölgələrinə gedir, məktəblərdə, hərbi hissələrdə və hərbi gəmilərdə gənclərlə görüşür, radio və televiziyada yadda qalan çıxışlar edir. Dəfələrlə Qarabağ cəbhəsində -ön xətdə olub. Azərbaycan jurnalı onu 1998-ci ilin qadını kimi şərəfli ada layiq görüb. Müharibədən sonrakı fəaliyyəti də yüksək qiymətləndirilib, bir sıra fəxri fərmanlara və döş nişanlarına layiq görülüb.
İkinci dərəcəli müharibə əlili olan D.Məmmədovanın adı müxtəlif mənbələrdə- Azərbaycan Sovet Ensiklopediyasında, Soldatı XX veka (M.2000), Azərbaycan Respublikası - Xatirə kitabı, XX əsrin Azərbaycan qadınları, Amerikanın Bioqrafiya İnstitutu tərəfindən çap olunmuş ensiklopediyada və s. çəkilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev də onun cavan qalmasına və səliqəsinə işarə edərək demişdir: Mən səni artıq 30 ildir ki, tanıyıram. Bu müddət ərzində sən heç dəyişməmisən. 30 il əvvəl də elə belə idin.
Dürrə xanım bu gün də iş başındadır. Faşizm üzərində Qələbənin 60 illiyi ilə bağlı onunla görüşərək bir neçə sualla müraciət etdik:
-Dürrə xanım, qələbə çalmağınızın əsas səbəbləri nə idi
-Arxa cəbhə ilə ön cəbhənin həmrəyliyi, Hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarına ciddi riayət etmək və qələbəyə möhkəm inam bizi öz məqsədimizə çatdırdı.
Azərbaycandan 630 mindən artıq əsgər cəbhəyə yola düşmüşdü. Bunların 11 min nəfəri qadın idi. Respublikamızdan 102 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, onlardan 42-si təmiz azərbaycanlı idi. Cəsur Həzi Aslanov isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Sovet İttifaqı Qəhrəmanı, marşal Jukov müharibənin udulmasında Azərbaycanın, xüsusilə Bakının rolunu qeyd edərək demişdir ki, Bakı nefti bizim qələbəmizi təmin etdi. Təyyarələrdə və ağır artilleriyada işlənən yanacağın 70-80 faizini Bakı verirdi, o qəhrəman şəhərdir. Bəli, qəhrəman şəhər Bakının haqqı gec də olsa özünə qaytarılmalıdır.
-Qələbənin 60 illiyinin qeyd olunması ərəfəsində nə arzulayardınız
-Biz müharibənin dəhşətlərini, ağrı-acılarını görmüşük və onu qəlbimizdə yaşadırıq. Ulu Tanrı bir də heç bir xalqa müharibə dağı çəkməsin. Ölkəmizdə 17 ildir ki, elan olunmamış müharibə gedir. Arzum budur ki, torpaqlarımız qan tökülmədən işğaldan azad olunsun, bir milyondan artıq qaçqınımız öz yurd-yuvasına qayıtsın. Lakin sülh yolu ilə olmasa, hər hansı bir yolla ərazilərimizi geri alacağıq. Mən o qələbə gününü böyük səbirsizliklə gözləyirəm.
Mənbə: İKİ SAHİL Qəzeti

© 2005-2010. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi.

Rambler's Top100 Site Meter